DİN pirotexniki vasitələrin istifadəsi ilə bağlı əhaliyə müraciət edib
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Paytaxt və bölgələrdə təşkil olunan tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən edilərək saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Bayram günləri ərəfəsində yaşayış məntəqələrində, xüsusilə çoxmənzilli binaların həyətlərində pirotexniki vasitələrdən istifadə vətəndaşların narazılığına səbəb olur. Daxili İşlər Nazirliyi bildirir ki, bu vasitələr əsasən azyaşlılar tərəfindən istifadə olunur və tez-tez bədbəxt hadisələrə yol açır. Qeyd olunub ki, pirotexniki və yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı, tezalışan məmulatların satışı qanunla qadağandır. Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, insan sağlamlığına və ətraf mühitə ciddi təhlükə yaradan bu vasitələrdən istifadə etməməyə çağırır.
- Baxış: 24
