AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirib
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan Qroznıya reys həyata keçirərkən qəzaya uğramış təyyarəsi ilə bağlı təhqiqatlar illərlə davam edə bilər. Bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.
İlham Əmirov - Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti: "Qəza hadisələri ilə bağlı təhqiqatlar ehtiyac yarandıqda illərlə davam edə bilər. Əgər araşdırma zamanı təyyarənin hər hansı hissəsinin, cihazının və ya aqreqatının xüsusi institutlarda açılaraq təhlil edilməsi tələb olunursa, bu proses xeyli vaxt apara bilər. Adətən tövsiyə olunur ki, təhqiqat bir il ərzində başa çatdırılsın. Lakin bu müddətlə bağlı məhdudiyyət qoyulmur. Çünki yaradılmış təhqiqat komissiyası vaxt məhdudiyyəti səbəbindən hadisənin səbəbini tam obyektiv və dəqiq şəkildə müəyyən edə bilmədiyi halda, tələskənlik qeyri-obyektiv nəticələrə gətirib çıxara bilər. Məhz buna görə beynəlxalq praktikada əsas məqsəd araşdırmanın vaxtında deyil, hərtərəfli və obyektiv aparılmasıdır".
- Baxış: 90
